Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üçün uzunmüddətli maliyyə resurslarına çıxışın genişləndirilməsi, təhlükəsiz rəqəmsallaşma və məsuliyyətli kreditləşmənin təşviqi mühüm əhəmiyyət daşıyır.
Bunu Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkil etdiyi konfransda çıxışı zamanı deyib.
O bildirib ki, maliyyə xidmətlərinin sürəti ilə yanaşı, şərtlərin aydınlığına və müştərilərin məlumatlı qərar verməsinə də diqqət yetirilməlidir. Borcalanların ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməsi və istehlakçı hüquqlarının qorunması bu istiqamətdə əsas məsələlərdəndir.
Toğrul Əliyev 2025–2026-cı illərdə həyata keçirilən tədbirləri sektorun inkişafı baxımından yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədinin hazırlanması və təqdim edilməsi sektorun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sənədin icrasında dövlət qurumlarının, bank olmayan kredit təşkilatlarının, investorların və inkişaf tərəfdaşlarının əməkdaşlığı xüsusi rol oynayır.
Çıxışda uzunmüddətli maliyyələşmə imkanlarının artırılması, etibarlı məlumat infrastrukturunun yaradılması, həmçinin sosial və ekoloji təsirlərin nəzərə alınmasının vacibliyi vurğulanıb.
Toğrul Əliyev alternativ enerjidən istifadə, enerji səmərəliliyi və iqlim dəyişikliklərinə uyğunlaşmanı dəstəkləyən maliyyə məhsullarının perspektivli olduğunu da qeyd edib. O, sektorun nəticələri qiymətləndirilərkən dəstəklənən bizneslərin inkişafına və müştərilərin maliyyə vəziyyətinə də diqqət yetirilməsinin zəruriliyini bildirib.

