“Bu gün bankların ən böyük rəqibi nağd vəsaitdir. Banklar öz aralarında sağlam rəqabət aparırlar, amma rəqəmsallaşma istiqamətində əsas hədəflərdən biri nağd vəsaitdən istifadənin azaldılmasıdır”.
GDP.AZ xəbər verir ki, bunu Unibankın İdarə Heyətinin üzvü, pərakəndə biznes və marketinq üzrə baş inzibatçı İlkin Quliyev “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq və texnologiyalar” mövzusunda X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
İ.Quliyev qeyd edib ki, ani ödəniş sistemləri (İPS) artıq bankçılığın baza standartına çevrilib. Onun fikrincə, bu sistemlərin yaratdığı imkanlardan həm fərdi, həm də biznes müştərilərinin yararlanması üçün investisiyalar bu gündən həyata keçirilməlidir.
O, ilkin investisiya prioritetləri sırasında mobil bankçılığın inkişafını, əsas bank sistemlərinin inteqrasiyasını, API infrastrukturunun modernləşdirilməsini və açıq bankçılığa hazırlığı göstərib. İ.Quliyev vurğulayıb ki, yalnız API təqdim etməklə iş bitmir, məlumatlar əsasında xidmətlərin fərdiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır.
“Mobil tətbiqin əsas vəzifəsi müştərinin gündəlik bankçılığını özünə daşımaqdır. Çünki müştəri artıq bankı mobil tətbiqdə görür”, – deyə o bildirib.
İ.Quliyevin sözlərinə görə, rəqəmsallaşmanın genişlənməsinə baxmayaraq, müştərilərin bank əməkdaşları ilə fərdi ünsiyyətə ehtiyacı qalacaq. O, bunu regionun xüsusiyyətləri ilə də əlaqələndirib.
Bank rəsmisi investisiya qərarlarının müştərinin gündəlik ehtiyacları nəzərə alınmaqla verilməsinin vacibliyini vurğulayıb:
“Rəhbərliyin verməli olduğu əsas suallardan biri budur: bu investisiyanı etdikdən sonra müştərinin gündəlik bankçılığında mənim bankımın və mobil tətbiqimin yeri harada olacaq?”
O əlavə edib ki, məhdud resurslar şəraitində ani ödənişlər, QR ödənişləri və açıq bankçılığa hazırlıq prioritetləşdirilməli, bu istiqamətlərə yatırımlar daha böyük texnoloji investisiyalara hazırlıq mərhələsi kimi qiymətləndirilməlidir.

