ABB İnvest İnvestisiya şirkətinin icraçı direktoru Nadir Babazadə bu gün keçirilən “2025-ci ilin yekunlarına dair mətbuat konfransında” bankın səhmdarlarının ümumi yığıncağında qəbul edilmiş dividend qərarını açıqlayıb.
GDP xbər verir ki, Nadir Babazadə bildirib ki, səhmdarlar tərəfindən 200 milyon manat məbləğində dividend ödənişi qərara alınıb. Səhmdarların Yığıncağından bir gün öncəki reyestrdə səhmdar olan hər kəs bu ayın sonunadək dividendləri əldə edəcək.
İcraçı direktor həmçinin 2025-ci ildə Bakı Fond Birjası üzrə əməliyyatlara da toxunub. Onun sözlərinə görə, fond birjası üzərindən aparılan əməliyyatlarda toplam təxmini 39 milyard manata yaxın ümumi dövriyyə olub. Bu əməliyyatlar çərçivəsində 25 mindən çox əqd baş tutub ki, bu da bazarın təxminən 50 faizindən yuxarı hissəsini təşkil edir.
Səhm hissəsi üzrə dövriyyə 18 milyon manat olub. Qeyd edilib ki, ABB səhmlərinin ümumi dövriyyəsi 22 milyon manat təşkil edibsə, bunun 18 milyon manatı 2025-ci ildə baş verib.
Nadir Babazadə repo əməliyyatlarında kəskin artım olduğunu da vurğulayıb. Bu, repo alətinin bazarda banklar tərəfindən daha aktiv istifadə olunmasına işarədir. Qısamüddətli vəsaitin əldə edilməsi aləti kimi repo, eyni zamanda vəsaiti olan fiziki və hüquqi şəxslərin öz vəsaitlərini əks repo vasitəsilə tələb olunan tərəfə təqdim etməsinə imkan yaradır.

