Azərbaycanda adi ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbuluna başlanılıb. Müvəkkil banklara ayrılmış yeni limitlər çərçivəsində ipoteka krediti əldə etmək üçün 1 393 şəxs müraciət edib, sistemdə ümumilikdə 6 848 müraciət qeydə alınıb.
GDP xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” MMC-nin birgə məlumatında bildirilib.
Məlumata əsasən, 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılıb. Noyabrın 13-də saat 15:00-dan etibarən vətəndaşlardan müraciətlərin qəbuluna başlanılıb.
Müraciətlər “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində qəbul edilib.
Prosesin təhlükəsiz və fasiləsiz həyata keçirilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemin dayanıqlılığı və təhlükəsizliyi yoxlanılıb, müvafiq informasiya təhlükəsizliyi mexanizmləri tətbiq olunub.
İpoteka kreditləşməsi prosesində ilk dəfə olaraq vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyiblər.
Birgə məlumatda qeyd olunub ki, ipoteka kreditlərinin əlverişli şərtlərlə və aşağı faiz dərəcələri ilə təqdim edilməsi əhali arasında bu kreditlərə yüksək tələbat yaradıb.
Belə ki, müraciətlərin qəbuluna başlanılan vaxtdan müvəkkil banklara ayrılmış limitlər çərçivəsində 1 393 nəfər tərəfindən ümumilikdə 6 848 müraciət qeydə alınıb.
Bildirilib ki, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulundan sonrakı mərhələlər mövcud qanunvericiliyin və Fondun daxili qaydalarının tələblərinə uyğun davam etdirilir.

