2026-cı ilin yanvar-oktyabr aylarında Bakıda kirayə velosiped və skuterlərdən istifadə edənlərin sayı 1 milyon 946 min 866 nəfərə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% artım deməkdir.
GDP xəbər verir ki, hesabat dövründə paytaxtda mikromobillik vasitələri ümumilikdə 3 milyon 811 min 106 dəfə sifariş olunub. Bu göstərici illik müqayisədə 21% artıb.
İlin ilk 10 ayında velosiped və skuterlərlə qət edilən ümumi məsafə 10 milyon 549 min 590 kilometr təşkil edib. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 12% çoxdur.
Təkcə oktyabr ayında mikromobillik vasitələrindən 297 min 265 nəfər istifadə edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 35% artım deməkdir.
Həmin ay ərzində velosiped və skuterlər 544 min 365 dəfə sifariş olunub, ümumilikdə 2 milyon 119 min 185 kilometr məsafə qət edilib. İllik müqayisədə sifarişlərin sayı 33%, qət edilən məsafə isə 31% artıb.
Mikromobillik vasitələrinə marağın artması velosiped zolaqları şəbəkəsinin genişləndirilməsi, müvafiq infrastrukturun inkişafı və alternativ nəqliyyat növlərindən istifadənin təşviqi ilə əlaqələndirilir.
Qeyd edək ki, açıqlanan statistika yalnız kirayə velosiped və skuterlərdən istifadəni əhatə edir. Şəxsi mikromobillik vasitələri bu göstəricilərə daxil edilməyib.
Müəllif: Aynur Qəniyeva

