Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2028-ci ildə Suveren Fondların Beynəlxalq Forumunun (IFSWF) 20-ci illik toplantısına Bakıda ev sahibliyi edəcək.
GDP xəbər verir ki, bu barədə qərar noyabrın 11–13-də Yunanıstanın paytaxtı Afinada keçirilən IFSWF-nin 18-ci illik toplantısında qəbul olunub.
“Ziddiyyətli dünyada suveren kapital” mövzusuna həsr edilən tədbirdə ARDNF-nin icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Yunanıstanın Hellenic Growth Fund təşkilatının ev sahibliyi etdiyi toplantıda suveren fondların rəhbərləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri və investisiya mütəxəssisləri geosiyasi qeyri-müəyyənlik və texnoloji transformasiya şəraitində suveren kapitalın dəyişən rolunu müzakirə ediblər.
Toplantının ilk günündə ARDNF nümayəndələri IFSWF-nin İdarə Heyətinin iclasında iştirak ediblər. İclasda Forumun növbəti il üçün prioritetləri, fəaliyyət proqramı, üzvlük və korporativ idarəetmə məsələləri nəzərdən keçirilib.
Yüksək səviyyəli panel müzakirəsində çıxış edən İsrafil Məmmədov Dövlət Neft Fondunun dövlət büdcəsinə dəstək göstərilməsi ilə gələcək nəsillər üçün sərvətin qorunması arasında balansı necə təmin etdiyindən danışıb.
O, qlobal qeyri-müəyyənlik şəraitində maliyyə dayanıqlığının gücləndirilməsi üçün investisiya portfelinin diversifikasiyasının, strateji tərəfdaşlıqların və portfelin ayrı-ayrı hissələri üzrə aydın məqsədlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, süni intellektlə əlaqəli infrastruktur investisiyalarında uzunmüddətli risklərin qiymətləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
ARDNF-nin Alternativ İnvestisiyalar üzrə Risklərin İdarə Edilməsi şöbəsinin rəhbəri Rəşad Rzayev isə “Dayanıqlılıq strategiyası: Pozuntular şəraitində idarəetmə” adlı paneldə iştirak edib. O, Fondun investisiya portfelində likvid aktivlərlə uzunmüddətli investisiyalar arasında optimal bölgünün müəyyənləşdirilməsi təcrübəsini təqdim edib.
R.Rzayev institusional dayanıqlılığın təmin edilməsində effektiv idarəetmənin, ehtiyatlı komplayens təcrübələrinin və etibarlı uzunmüddətli tərəfdaşlıqların rolunu xüsusi qeyd edib.
Toplantının mühüm nəticələrindən biri IFSWF üzvlərinin 2028-ci il illik toplantısının Bakıda keçirilməsi barədə qərarı olub.
Forumun təsisçi üzvlərindən olan ARDNF təşkilatın fəaliyyətində yarandığı gündən fəal iştirak edir. 2028-ci ildə keçiriləcək tədbir həm də suveren fondların idarə edilməsinə dair Santyaqo Prinsiplərinin qəbulunun 20-ci ildönümünə təsadüf edəcək.
Afinaya səfər çərçivəsində ARDNF nümayəndə heyəti Çin İnvestisiya Korporasiyasının (CIC) sədri Çjan Çinsun, İndoneziya İnvestisiya Qurumunun (INA) baş icraçı direktoru Oki Ramadhana, Beynəlxalq Valyuta Fondunun (BVF) direktor-sərəncamçısının birinci müavini Den Katz və Hellenic Growth Fund-un baş icraçı direktoru Yannis Papaxristu ilə ikitərəfli görüşlər keçirib.
CIC və INA ilə görüşlərdə Çin–ASEAN İnvestisiya Proqramı və Çin–ASEAN Birgə İnvestisiya Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də Asiya bazarlarında yeni investisiya və birgə sərmayə imkanları müzakirə olunub.
BVF ilə aparılan danışıqlarda suveren fondların idarə edilməsinə müasir yanaşmalar, Santyaqo Prinsiplərinin aktuallığı və bilik mübadiləsi imkanları diqqət mərkəzində olub.
Hellenic Growth Fund ilə görüşdə isə əməkdaşlığın gücləndirilməsi və yeni investisiya imkanlarının araşdırılması məsələləri nəzərdən keçirilib.
Qeyd edək ki, 2009-cu ildə yaradılan Suveren Fondların Beynəlxalq Forumu suveren fondlar arasında əməkdaşlığın, təcrübə mübadiləsinin və qabaqcıl idarəetmə standartlarının təşviqini həyata keçirən qlobal platformadır. Forumun fəaliyyəti şəffaflıq, hesabatlılıq, səmərəli idarəetmə və prudensial investisiya təcrübələrini təşviq edən 24 könüllü prinsipdən ibarət Santyaqo Prinsiplərinə əsaslanır.




