“Paşa Kapital” İnvestisiya Şirkətində vacib kadr dəyişikliyi baş verib.
GDP xəbər verir ki, Orxan Salayev şirkətin Baş direktoru vəzifəsinə təyin edilib. Bu barədə onun “LinkedIn” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat yayılıb.
Yeni vəzifədə Orxan Salayev Biznesin İnkişafı, Strategiya və Kommersiya blokuna rəhbərlik edəcək. Onun bu sahələrdəki strateji baxışının “Paşa Kapital”ın bazar mövqelərini daha da möhkəmləndirəcəyi gözlənilir.
Orxan Salayev bu təyinata qədər “Rabitəbank”da Marketinq Departamentinin direktoru vəzifəsində çalışıb. Bundan əvvəl o, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi, FINCA, həmçinin Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Bu geniş təcrübə onu maliyyə, dövlət və beynəlxalq layihələr üzrə çoxşaxəli menecer kimi tanıdır.
Orxan Salayev Çinin Elm və Texnologiya Universitetində (USTB) magistratura təhsili alıb, hazırda isə Çinin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində (UIBE) doktorantdır.

