Brent markalı neftin qiyməti Yaxın Şərqdə davam edən gərginlik və OPEC+ ölkələri tərəfindən neft təklifinin azaldılacağı ilə bağlı gözləntilərin fonunda bir barel üçün 85 dollar həddini keçib.
GDP xəbər verir ki,bu vəziyyət bazarda yüksəliş tendensiyasının davam edə biləcəyinə işarə edir. Analitiklərin fikrincə, 85 dollar səviyyəsi mühüm psixoloji hədd hesab olunur və bu göstəricinin üzərində möhkəmlənmə qiymətlərin 88–90 dollar diapazonuna doğru irəliləməsinə şərait yarada bilər.
Qiymət artımına təsir edən amillərdən biri də ABŞ Federal Ehtiyat Sisteminin pul-kredit siyasətini yumşaldacağına dair gözləntilər fonunda dolların zəifləməsidir.
Mütəxəssislər hesab edirlər ki, neft qiymətlərinin yüksəlməsi Rusiyanın dövlət büdcəsi və rublun məzənnəsi üçün müsbət amil ola bilər. Bununla belə, artımın davamlılığı əsasən OPEC+ ölkələrinin hasilat kvotaları ilə bağlı öhdəliklərə nə dərəcədə əməl etməsindən asılı olacaq.

