Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsi ilə bağlı qərarları dövlət qiymətli kağızları bazarında formalaşan gəlirlilik göstəricilərinin dinamikasına da təsir göstərib.
GDP xəbər verir ki, bu barədə AMB-nin yarımillik “Pul Siyasəti İcmalı”nda bildirilir.
İcmala əsasən, 2026-cı ilin iyun ayının sonunda gəlirlilik əyrisinin əksər seqmentləri üzrə faiz göstəricilərində ötən ilin dekabr ayı ilə müqayisədə azalma qeydə alınıb.
Belə ki, 6 aylıq dövlət istiqrazları üzrə gəlirlilik 2025-ci ilin dekabrındakı 6,79%-dən iyunun sonunda 6,48%-ə enib. Bununla da sözügedən istiqrazlar üzrə gəlirlilik 0,31 faiz bəndi azalıb.
Eyni dövrdə 1 illik dövlət istiqrazları üzrə gəlirlilik 7,01%-dən 6,85%-ə düşərək 0,16 faiz bəndi, 3 illik istiqrazlar üzrə isə 7,8%-dən 7,28%-ə enərək 0,52 faiz bəndi azalıb.
Daha nəzərəçarpacaq azalma 4 illik dövlət istiqrazlarında qeydə alınıb. Bu istiqrazlar üzrə gəlirlilik 2025-ci ilin dekabrında 8,14% olduğu halda, 2026-cı ilin iyun ayının sonunda 7,33%-ə düşüb. Beləliklə, gəlirlilik 0,81 faiz bəndi azalıb.
AMB-nin məlumatları göstərir ki, hesabat dövründə dövlət qiymətli kağızları bazarında gəlirlilik göstəricilərinin aşağı istiqamətli dinamikası Mərkəzi Bankın faiz siyasətinin maliyyə bazarının müxtəlif seqmentlərinə transmissiyası fonunda baş verib.

