ABŞ dollarının qlobal borclanma bazarındakı dominant mövqeyinin tədricən zəifləməsi fonunda yuanla maliyyələşməyə maraq artır.
GDP xəbər verir ki,ilin ilk beş ayında Çin yuanı ilə nominasiya olunan və “panda istiqrazları” kimi tanınan istiqrazların emissiyasının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 100% artıb. Bu tendensiya xarici investorların ABŞ istiqrazlarına marağının azalması fonunda müşahidə olunur.
Yuanla borclanmanın cəlbediciliyini artıran əsas amillərdən biri Çin və ABŞ dövlət istiqrazlarının gəlirlilik səviyyələri arasındakı fərqdir. Hazırda 10 illik istiqrazların gəlirliliyi Çində təxminən 1,7%, ABŞ-də isə 4,7% səviyyəsindədir.
Aşağı borclanma xərcləri ölkələr və şirkətlər üçün yuanla maliyyə resurslarının cəlb edilməsini daha sərfəli edir. Xüsusilə Çin məhsullarının idxalının birbaşa yuanla maliyyələşdirilməsi milli valyutalara əlavə təzyiqi azaltmağa və dollar ehtiyatlarına olan tələbatı müəyyən qədər aşağı salmağa imkan verə bilər.
Yuanla istiqraz emissiyalarının genişlənməsi eyni zamanda beynəlxalq maliyyə sistemində valyuta diversifikasiyasının gücləndiyini göstərir. Bununla belə, dollar qlobal maliyyə və ehtiyat valyutası kimi aparıcı mövqeyini qorumaqda davam edir.

