“AzerGold” QSC-nin xaricdə ilk törəmə şirkəti olan “AzerGold Uzbekistan” Özbəkistanda dövlət qeydiyyatına alınıb.
GDP xəbər verir ki, şirkət Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının müəyyənləşdirilməsi ilə məşğul olacaq.
Hazırda zəruri icazələrin alınması üzrə prosedurlar davam edir. Lisenziya əldə edildikdən sonra 18 aylıq geoloji kəşfiyyat işlərinə başlanılması nəzərdə tutulur. Bu müddətdə ehtiyatlar beynəlxalq JORC standartlarına uyğun qiymətləndiriləcək, metallurgiya sınaqları və ətraf mühitə təsirin qiymətləndirilməsi aparılacaq. Nəticələr əsasında texniki-iqtisadi əsaslandırma və gələcək istismara dair investisiya təklifi hazırlanacaq.
“AzerGold”, “Uzbekgeologorazvedka” və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında əməkdaşlıq çərçivəsində isə Nəvai və Nurata şəhərləri arasındakı perspektivli sahələrin kəşfiyyatı üçün birgə müəssisənin yaradılması planlaşdırılır. Layihə üzrə ilkin ikiillik geoloji kəşfiyyat və maliyyələşmə planı artıq hazırlanıb.

