İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində daha 91 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə təqdim edəcək. Mənzillər üzrə aylıq ödənişlər 419 manatdan başlayır.
GDP xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Məlumata əsasən, mənzillər Bakı, Sumqayıt və Abşeron ərazilərində yerləşən yaşayış komplekslərini əhatə edir.
Belə ki, Bakı şəhərinin Binəqədi rayonunda, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 27 mənzil, Sumqayıt şəhərinin Sülh prospektində yerləşən yaşayış kompleksində 38 mənzil, Abşeron rayonunun Saray qəsəbəsində, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində isə 26 mənzil vətəndaşların seçiminə təqdim olunacaq.
Satmaq öhdəliyi ilə kirayəyə veriləcək yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, tam təmirlidir.
Mənzillərin seçiminə 24 noyabr 2026-cı il tarixində saat 15:00-dan başlanılacaq.
Müraciətlərin qəbulu və mənzil seçimi “mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçiriləcək.
Ərizəçilər müraciətlərini SİMA İmzanın biometrik identifikasiya funksiyasından istifadə etməklə təsdiqləyə biləcəklər.
Qeyd edək ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi və müraciət qaydaları barədə ətraflı məlumatı İpoteka və Kredit Zəmanət Fondunun www.mcgf.gov.az internet saytından, rəsmi YouTube kanalından, eləcə də 1549 Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.

