Azərbaycanda Açıq Bankçılıq ekosisteminin əhatə dairəsi genişləndirilib. PashaPay (M10) və akart.az platformalarının inteqrasiyası nəticəsində maliyyə xidmətləri istifadəçiləri üçün yeni imkanlar yaranıb.
GDP xəbər verir ki, bu barədə Açıq Bankçılıq və Açıq Maliyyə üzrə məhsul sahibi Elmar Didəkanan sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Açıq Bankçılıq ekosisteminə artıq yalnız bankların deyil, digər maliyyə və ödəniş təşkilatlarının da qoşulması istiqamətində işlər davam etdirilir. Əsas məqsəd maliyyə təşkilatları arasında inteqrasiyanı genişləndirmək və istifadəçilər üçün daha rahat, innovativ xidmətlərin inkişafına şərait yaratmaqdır.
Yeni imkanlar çərçivəsində PashaPay (M10) hesab məlumatlarını paylaşan tərəf (ASPSP) roluna əlavə olaraq, üçüncü tərəf təchizatçısı (TPP) kimi də fəaliyyətə başlayıb. akart.az isə hesab üzrə məlumatları paylaşan tərəf (ASPSP) qismində Açıq Bankçılıq ekosisteminə qoşulub.
Bu yenilik istifadəçilərə müxtəlif maliyyə təşkilatlarında açılmış hesabları vahid tətbiq üzərindən izləmək imkanı yaradır.
Belə ki, M10 tətbiqinin istifadəçiləri artıq yalnız bank hesablarını deyil, ekosistemə qoşulmuş digər elektron pul təşkilatlarında açılmış hesablarını da tətbiqə əlavə edərək onların məlumatlarını izləyə bilərlər.
Məsələn, istifadəçi akart.az hesabını M10 tətbiqinə əlavə etməklə həmin hesab üzrə məlumatları birbaşa M10 üzərindən görə bilər.
Elmar Didəkanan bildirib ki, bu yenilik Açıq Bankçılığın inkişafında mühüm mərhələdir.
“Açıq Bankçılıq artıq banklar arasında məlumat mübadiləsi ilə məhdudlaşmır. Fintech-lər də bir-biri ilə inteqrasiya olunur və bu, daha geniş maliyyə ekosisteminin formalaşmasına, istifadəçilər üçün yeni imkanların yaranmasına şərait yaradır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Açıq Bankçılıq maliyyə təşkilatları arasında istifadəçinin razılığı əsasında hesab məlumatlarının təhlükəsiz mübadiləsinə imkan verən texnoloji yanaşmadır. Bu model maliyyə xidmətlərinin əlçatanlığını artırmaqla yanaşı, bazarda rəqabətin və innovativ məhsulların inkişafını da təşviq edir.

