ABŞ-ın İxrac-İdxal Bankı (EXIM Bank) Azərbaycanın “Silk Way West Airlines” aviaşirkətinə 100 milyon dollardan artıq məbləğdə Boeing yük təyyarələrinin tədarükünün maliyyələşdirilməsi ilə bağlı ABŞ Senatına rəsmi bildiriş göndərib.
GDP xəbər verir ki, bu barədə 2026-cı il oktyabrın 14-də ABŞ-ın Federal Reyestrində dərc edilmiş sənəddə məlumat yer alıb.
Sənədə əsasən, EXIM Bank 100 milyon dollardan artıq məbləğdə uzunmüddətli kreditin və ya maliyyə zəmanətinin verilməsi ilə bağlı müraciət alıb.
Maliyyələşdirmə əməliyyatında borcalan qismində Azərbaycanın “Silk Way West Airlines” MMC aviaşirkəti, ABŞ tərəfdən təchizatçılar kimi isə “Boeing” korporasiyası və “GE Aerospace” şirkəti göstərilib.
Sövdələşmə çərçivəsində Azərbaycana kommersiya təyinatlı Boeing təyyarələrinin ixracı nəzərdə tutulur. Həmin təyyarələrin Azərbaycanla digər ölkələr arasında beynəlxalq hava yükdaşımalarında istifadə edilməsi planlaşdırılır.
Məlumata görə, EXIM Bank müvafiq maliyyə əməliyyatı barədə ABŞ Senatının Bankçılıq, Mənzil Tikintisi və Şəhər Məsələləri Komitəsini məlumatlandırıb.
Qeyd edək ki, EXIM Bank ABŞ-ın dövlət ixrac-kredit təşkilatı olaraq Amerika istehsalçılarının xarici bazarlara çıxışını dəstəkləyir, ixrac əməliyyatları üçün kreditlər, maliyyə zəmanətləri və sığorta təminatı təqdim edir.
ABŞ qanunvericiliyinə əsasən, iri həcmli ixrac maliyyələşdirməsi əməliyyatları ilə bağlı Konqresin məlumatlandırılması nəzərdə tutulur. Bununla belə, Senata bildirişin göndərilməsi maliyyələşdirmənin yekun təsdiqləndiyi və ya sövdələşmənin başa çatdığı anlamına gəlmir.
Maliyyələşdirmənin təsdiqlənəcəyi təqdirdə, yeni təyyarələrin alınması “Silk Way West Airlines” şirkətinin yükdaşıma potensialının artırılmasına və Azərbaycanın beynəlxalq hava yükdaşımaları bazarındakı mövqeyinin gücləndirilməsinə imkan yarada bilər.


