“Azərbaycan Hava Yolları” (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı–İstanbul marşrutu üzrə bütün reyslərini yalnız İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.
GDP xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Məlumata əsasən, sözügedən tarixdən etibarən AZAL-ın İstanbulun Sabiha Gökçen Hava Limanına uçuşlarının dayandırılması nəzərdə tutulur.
Bildirilib ki, qərar aviaşirkətin uçuş proqramının optimallaşdırılması və İstanbul istiqamətində reyslərin vahid beynəlxalq aviasiya qovşağında cəmləşdirilməsi məqsədi daşıyır.
Dəyişikliyin əsas məqsədi uçuşların təşkilində səmərəliliyi artırmaq, sərnişinlərə daha rahat səyahət imkanları yaratmaq və tranzit uçuşların planlaşdırılmasını asanlaşdırmaqdır.
AZAL hesab edir ki, İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sərnişinlərə digər ölkələrə və şəhərlərə daha əlverişli bağlantılar vasitəsilə səyahət etmək imkanı verəcək.
Beləliklə, 2027-ci il yanvarın 4-dən Bakı–İstanbul istiqamətində AZAL-ın bütün uçuşlarının İstanbul Beynəlxalq Hava Limanında (IST) cəmləşdirilməsi planlaşdırılır.

