Azərbaycan Mərkəzi Bankının ödəniş xidmətləri və ödəniş sistemlərinin tənzimlənməsi üzrə bölmə rəhbəri Xəyaləddin Tağıyev vəzifəsindən ayrılıb.
GDP xəbər verir ki, o , Mərkəzi Bankda 18 il 3 ay davam edən peşəkar fəaliyyətini başa vurduğunu açıqlayıb.
Xəyaləddin Tağıyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Mərkəzi Bankda çalışdığı illər ərzində ödəniş sistemləri, rəqəmsal ödənişlər, maliyyə texnologiyaları və onların tənzimlənməsi sahələrində geniş təcrübə qazanıb, bir sıra strateji təşəbbüslərin və layihələrin həyata keçirilməsində iştirak edib.
Qeyd edək ki, Xəyaləddin Tağıyev 2008-ci ilin avqustundan Azərbaycan Mərkəzi Bankında fəaliyyət göstərib. O, 2008–2015-ci illərdə aparıcı mütəxəssis, 2015–2024-cü illərdə baş mütəxəssis, 2024-cü ilin iyunundan 2026-cı ilin noyabrınadək isə ödəniş xidmətləri və ödəniş sistemlərinin tənzimlənməsi üzrə bölmə rəhbəri vəzifəsində çalışıb.
Xəyaləddin Tağıyev müxtəlif illərdə digər qurumlarda da fəaliyyət göstərib. O, 2014–2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 2019–2022-ci illərdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, 2021–2022-ci illərdə isə SOCAR Midstream Operations Limited şirkətində layihə meneceri olub.
Bundan başqa, 2023-cü ilin dekabrından 2024-cü ilin iyununadək ABŞ-ın Kaliforniya Universitetinin İrvayn kampusunda (University of California, Irvine) postdoktoral tədqiqatçı kimi fəaliyyət göstərib.
O, həmçinin 2014-cü ildən Azərbaycan Bank Tədris Mərkəzində ekspert, 2022-ci ildən Azərbaycan Texniki Universitetində dosent kimi çalışır.
Xəyaləddin Tağıyev Mərkəzi Bankdan ayrıldıqdan sonra Azərbaycan Texniki Universitetində İntellektual maliyyə və FinTech tədqiqat qrupunun rəhbəri vəzifəsində fəaliyyətə başlayıb.**
Yeni vəzifəsində onun əsas fəaliyyət istiqamətləri intellektual maliyyə, maliyyə texnologiyaları, rəqəmsal ödənişlər, kriptoaktivlər və innovativ maliyyə modelləri üzrə tədqiqatların inkişaf etdirilməsi, elmi-praktiki əməkdaşlığın genişləndirilməsi və beynəlxalq akademik əlaqələrin gücləndirilməsi olacaq.
Bununla yanaşı, o, beynəlxalq ekspert kimi də fəaliyyətə başladığını, maliyyə texnologiyaları, ödəniş sistemləri və maliyyə tənzimlənməsi sahələrində beynəlxalq layihələrə və təşəbbüslərə töhfə verməyi planlaşdırdığını bildirib.

