Çinin BYD şirkəti Azərbaycanda elektrobus istehsalı zavodunun tikintisinə ilkin olaraq 34 milyon dollar sərmayə qoyacaq.
GDP xəbər verir ki, zavod 2025-ci ildə fəaliyyətə başlayacaq və illik 500 avtobus istehsal edəcək.
Zavod Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikiləcək. Layihənin icrası 800 yeni iş yerinin yaradılmasına imkan verəcək.
BYD-nin layihə üzrə yerli tərəfdaşı Electrify Azerbaijan şirkəti olacaq. Layihənin investorlarından biri də Azərbaycan İnvestisiya Şirkəti olacaq.
2025-ci ilə qədər BYD Azərbaycanda ehtiyat hissələrinin yerli istehsalına da başlayacaq və yerliləşdirmənin 2030-cu ilə qədər avtobusların ümumi dəyərinin 40 faizini əhatə edəcəyi gözlənilir. Şirkət gələcəkdə bu layihələrə təxminən 60 milyon dollar sərmayə qoymağı planlaşdırır.
Qeyd edək ki, “BakuBus” BYD-dən 160 elektrik avtobusu və 100 enerjidoldurma məntəqəsi alacaq və bu avtobusları 2024-cü il oktyabrın 31-dək Bakıda istifadəyə verməyi planlaşdırır.