Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyəti sədrinin müavini, Baş risk inzibatçısı Aqşin Əmirov ABB-nin Özbəkistan bazarına daxil olmasının Azərbaycan və Özbəkistan arasında iqtisadi və maliyyə əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib.
Aqşin Əmirov bu barədə Daşkənddə keçirilən ilk “Silk Road Finance & Technology Forum”u ilə bağlı paylaşımında qeyd edib.
Onun sözlərinə görə, tənzimləyici qurumları, maliyyə institutlarını, fintex şirkətlərinin rəhbərlərini və investorları bir araya gətirən forum Mərkəzi Asiyada maliyyə sektorunun gələcəyinin müzakirəsi baxımından mühüm platformadır.
A.Əmirov bildirib ki, tədbir ABB üçün xüsusilə əlamətdar bir dövrə təsadüf edir. Belə ki, ABB “Davr Bank”da nəzarət səhm paketini əldə etdikdən sonra Özbəkistanda fəaliyyətinin yeni mərhələsinə başlayır.
“Özbəkistan regionun ən dinamik və sürətlə transformasiya olunan maliyyə bazarlarından biridir. Məqsədimiz yalnız coğrafi genişlənmə deyil. ABB Davr vasitəsilə rəqəmsal bankçılıq, risklərin idarə edilməsi və korporativ idarəetmə sahələrində ABB-nin təcrübəsini ‘Davr Bank’ın güclü yerli ekspertizası ilə birləşdirməyi hədəfləyirik”, – deyə Aqşin Əmirov bildirib.
Onun sözlərinə görə, bu yanaşma müştərilər, biznes subyektləri və bütövlükdə iqtisadiyyat üçün daha böyük dəyərin yaradılmasına xidmət edəcək.
A.Əmirov Daşkənddə rəqəmsal maliyyə, transsərhəd bağlantılar, süni intellekt və ortaq maliyyə infrastrukturu ilə bağlı aparılan müzakirələrin ABB-nin Özbəkistandakı planları ilə birbaşa əlaqəli olduğunu vurğulayıb. O qeyd edib ki, innovasiyalar etimad, dayanıqlılıq və məsuliyyətli risk idarəetməsi ilə paralel inkişaf etməlidir. Bu, davamlı artımın təmin olunması üçün vacib şərtdir.
ABB rəsmisi bankın Özbəkistandakı fəaliyyətinin iki ölkə arasında əlaqələrə də müsbət təsir göstərəcəyini bildirib.
“İnanıram ki, ABB-nin Özbəkistanda mövcudluğu Azərbaycan və Özbəkistan arasında maliyyə körpüsünün güclənməsinə, ticarətin və investisiyaların dəstəklənməsinə, eləcə də müasir İpək Yolu boyunca regional əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcək”, – deyə Aqşin Əmirov qeyd edib.
O əlavə edib ki, tarixi İpək Yolu vaxtilə bazarları ticarət vasitəsilə birləşdirirdisə, bu gün həmin funksiyanı yeni formalarda texnologiya və maliyyə həyata keçirir.


