Argentinada yüksək inflyasiya fonunda dövriyyədə olan bəzi sikkələrin hazırlanmasında istifadə edilən metalların dəyəri müəyyən dövrlərdə onların nominal dəyərini üstələyib.
GDP xəbər verir ki, xüsusilə mis və nikelin bahalaşması sikkələrin istehsalını iqtisadi baxımdan səmərəsiz edib. Belə ki, sikkənin tərkibindəki metalın bazar dəyərinin onun üzərində göstərilən nominal məbləğdən yüksək olması halları yaranıb.
Bu vəziyyət bəzi şəxslərin sikkələri əridərək metal kimi satmağa çalışmasına da səbəb olub. Nəticədə ölkədə sikkələrin istehsalı ilə bağlı iqtisadi məqsədəuyğunluq ciddi şəkildə azalıb.
Məlumata görə, Argentina hakimiyyəti 2022-ci ildən etibarən yeni sikkələrin zərbini faktiki olaraq dayandırıb. Bu proses ölkədə uzun müddət davam edən yüksək inflyasiyanın nağd pul dövriyyəsinə və xırda nominallı pul vahidlərinin praktik əhəmiyyətinə təsirinin göstəricilərindən biri kimi qiymətləndirilir.

