Azərbaycanın Milli Etalon Vaxtının (UTC (AZ)) real vaxt rejimində nümayiş olunduğu rəsmi internet səhifəsi istifadəyə verilib.
GDP xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən yaradılan aztime.metrology.gov.az platforması ölkənin etibarlı və izləniləbilən milli vaxt mənbəyinə çıxışı təmin edir.
Dövlət Agentliyinin məlumatına görə, Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (BIPM) tərəfindən ötən il təsdiqlənən Azərbaycanın Milli Etalon Vaxtından müxtəlif sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlar istifadə edə bilərlər.
Platforma telekommunikasiya şirkətləri, audiovizual yayım qurumları, bank-maliyyə sektoru, nəqliyyat və enerji infrastrukturu, informasiya təhlükəsizliyi və məlumatların emalı sahəsində fəaliyyət göstərən təşkilatlar, elmi-tədqiqat institutları və dövlət orqanları üçün xüsusi əhəmiyyət daşıyır.
Etibarlı və dəqiq vaxt mənbəyindən istifadə maliyyə əməliyyatlarının vaxtının dəqiq müəyyənləşdirilməsi, nəqliyyat və naviqasiya sistemlərinin, eləcə də şəbəkə infrastrukturunun sinxronlaşdırılması kimi proseslərdə mühüm rol oynayır.
Azərbaycan hazırda qlobal səviyyədə Koordinasiyalı Universal Vaxtın (UTC) formalaşdırılmasına töhfə verən laboratoriyaya malik ölkələr sırasındadır. AzMİ-nin Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasında yerləşən sezium atom saatları ilə peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq BIPM-ə ötürülür.
Həmin məlumatlardan UTC-nin formalaşdırılmasında istifadə olunur. Bununla da Azərbaycan qlobal vaxt sisteminin yaradılmasına töhfə verir, eyni zamanda ölkənin milli etalon vaxtının beynəlxalq səviyyədə etibarlılığını və izləniləbilənliyini təmin edir.
Yeni platforma vasitəsilə maraqlı qurum və təşkilatlar Azərbaycanın Milli Etalon Vaxtından öz fəaliyyət və sistemlərinin dəqiq vaxt üzrə sinxronlaşdırılması məqsədilə istifadə edə biləcəklər.
Trending
- Almaniya şirkətlərinin Ələt Azad İqtisadi Zonasına investisiya imkanları müzakirə olunub
- Bərdədə 10 baş mal-qaranın sığortalanması fermerə 360 manata başa gəlir
- Samsung üçüncü rübdə 79,8 milyard dollar rekord mənfəət əldə edib
- Bakıda maliyyə cinayətləri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq tədbir keçiriləcək
- WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir
- Tim Kuk Apple səhmlərinin bir hissəsini satdı: 64 milyon ABŞ dolları
- Trampın oğulları ilə əlaqəli şirkətlər 6 milyard dollardan çox federal sifariş alıb – ABC
- Brent neftinin qiyməti bir barel üçün 101,98 dollara yüksəlib

