Azərbaycanda internetin sürətində artım davam edir. Genişzolaqlı və mobil şəbəkələrin keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət “Ookla”nın iyul ayı üzrə açıqladığı “Speedtest Global Index” hesabatına əsasən, ölkədə mobil internetin median sürəti 100 Mb/s həddinə yaxınlaşıb.
Hesabata görə, iyul ayında Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,52 Mb/s, mobil internetin median sürəti isə 99,53 Mb/s təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,43 Mb/s və ya 11,35 faiz artıb. Mobil internetdə isə daha yüksək artım qeydə alınıb. Belə ki, mobil internetin median sürəti illik müqayisədə 24,96 Mb/s və ya 33,47 faiz yüksəlib.
Paytaxt Bakıda göstəricilər ölkə üzrə orta nəticələrdən daha yüksək olub. İyul ayında Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,65 Mb/s, mobil internetin median sürəti isə 121,54 Mb/s səviyyəsində qeydə alınıb.
İllik müqayisədə Bakıda sabit genişzolaqlı internetin sürəti 9,28 Mb/s və ya 11,13 faiz, mobil internetin sürəti isə 29,36 Mb/s və ya 31,85 faiz artıb.
Göstəricilər xüsusilə mobil internet infrastrukturu üzrə sürət artımının davam etdiyini nümayiş etdirir. İnternet sürətinin yüksəlməsi rəqəmsal xidmətlərdən istifadənin, distant iş və təhsil imkanlarının, eləcə də onlayn xidmətlərə çıxışın genişlənməsi baxımından əhəmiyyət daşıyır.
Yeni nəticələr Azərbaycanın internet infrastrukturu üzrə göstəricilərinin yaxşılaşmaqda davam etdiyini və ölkənin qlobal internet sürəti reytinqində mövqeyinin güclənməsi üçün əlavə imkanlar yaratdığını göstərir.

