İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi məlumatların müqayisəsi göstərir ki, 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac göstəricilərində əhəmiyyətli artım qeydə alınıb.
GDP Mərkəzə istinadən xəbər verir ki, qeyri-neft ixracının ümumi həcmi 2025-ci ilin eyni dövründəki 2,09 milyard ABŞ dollarından 2026-cı ildə 2,5 milyard ABŞ dollarına yüksəlib. Nəticədə ixracın həcmi 410 milyon ABŞ dolları və ya 19,6 faiz artıb.
Aqrar məhsulların ixracında da müsbət dinamika müşahidə olunub. Bu kateqoriya üzrə ixracın həcmi 551,4 milyon ABŞ dollarından 673,4 milyon ABŞ dollarına çatıb. Beləliklə, artım 122 milyon ABŞ dolları və ya 22,1 faiz təşkil edib.
Aqrar-sənaye məhsullarının ixracı isə 178,8 milyon ABŞ dollarından 223,1 milyon ABŞ dollarına yüksəlib. Bu, 44,3 milyon ABŞ dolları və ya 24,8 faiz artım deməkdir.
Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 730,2 milyon ABŞ dollarından 896,4 milyon ABŞ dollarına yüksəlib. Nəticədə ümumi artım 166,2 milyon ABŞ dolları və ya 22,8 faiz olub.
Məhsul qrupları üzrə müqayisə də ixracın əksər istiqamətlərdə artdığını göstərir. Belə ki, şəkər ixracının artım tempi 2025-ci ildə 55,1 faiz olduğu halda, 2026-cı ildə bu göstərici 2,6 dəfə, yəni təxminən 160 faiz təşkil edib. Pambıq ipliyi ixracında artım tempi 18,2 faizdən 81,9 faizə yüksəlib. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı üzrə artım 19,1 faizdən 23,3 faizə, çay ixracı üzrə artım isə 8,8 faizdən 19,5 faizə çatıb.
Meyvə-tərəvəz ixracı da artım nümayiş etdirsə də, bu sahədə dinamikanın nisbətən zəiflədiyi müşahidə olunur. Belə ki, 2025-ci ildə artım 31,9 faiz olduğu halda, 2026-cı ildə bu göstərici 16,4 faiz təşkil edib. Bu isə artım tempinin 15,5 faiz bəndi azalması deməkdir.
Ümumilikdə, 2026-cı ilin ilk yeddi ayının nəticələri qeyri-neft sektorunun ixrac potensialının genişləndiyini, xüsusilə aqrar və aqrar-sənaye məhsullarının xarici bazarlarda mövqeyinin daha da möhkəmləndiyini göstərir. Şəkər, pambıq ipliyi, alüminium məhsulları və bitki mənşəli yağların ixracında qeydə alınan yüksək artım göstəriciləri isə bu istiqamətdə istehsal və emal imkanlarının genişləndiyini təsdiqləyir.

