ABŞ fond indeksləri cümə axşamı ticarət sessiyasına yüksəlişlə başlasa da, daha sonra Dow Jones cüzi mənfi zonaya keçib.
GDP xəbər verir ki, ekspertlərin fikrincə, süni intellekt sahəsindəki bum dövlət istiqrazlarının gəlirliliyinin çoxillik maksimumlara yüksəlməsinə və neft qiymətlərinin yenidən artmasına baxmayaraq, ümumilikdə səhm bazarını dəstəkləməyə davam edir. Bununla yanaşı, investorları yüksək inflyasiyanın davam etməsi perspektivi və artmaqda olan dövlət borcu narahat edir.
Yaddaş çipləri istehsalçısı Micron Technology dördüncü maliyyə rübündə (3 sentyabrda başa çatıb) məhsullarına yüksək tələbat və qiymətlərin kəskin artması sayəsində xalis mənfəətini və gəlirlərini dəfələrlə artırıb. Şirkət, həmçinin illik gəlir və mənfəət üzrə analitiklərin konsensus proqnozundan daha yaxşı proqnoz təqdim edib.
Bunun fonunda Nvidia Corp. səhmləri 1,1%, Texas Instruments 0,4%, Lam Research isə 2,7% bahalaşıb. Eyni zamanda, investorların mənfəəti realizə etməsi fonunda Micron səhmləri 1,6% ucuzlaşıb. Buna səbəb ilin əvvəlindən bəri şirkətin səhmlərinin qiymətinin təxminən dörd dəfə artmasıdır.
Dow Jones Bakı vaxtı ilə saat 17:57-yə 0,1% azalaraq 50 841,1 bənd təşkil edib.
Eyni zamanda, S&P 500 0,1% yüksələrək 7 657,65 bəndə çatıb.
Nasdaq indeksi isə ticarət sessiyasının açılışından etibarən 0,25% artaraq 26 929,5 bənd səviyyəsində olub.

