Özbəkistanda keçirilən Silk Road Finance & Technology Forum çərçivəsində Türk dövlətlərinin maliyyə texnologiyaları sahəsində əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Forumun rəsmi proqramında Edqar Abdullayev Azərbaycan FinTech Assosiasiyasının (AzFina) sədri kimi təqdim olunur.
GDP xəbər verir ki, bu barədə Edqar Abdullayev sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, forum çərçivəsində təşkil olunan “Turkic States FinTech Alliance” panelində spiker qismində çıxış edərək Azərbaycan FinTech Assosiasiyasını (AzFina), eyni zamanda TürkFin-i təmsil edib.
Abdullayevin sözlərinə görə, panel türkdilli ölkələrin FinTech ekosistemləri arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və regional maliyyə texnologiyaları bazarının gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli platforma olub.
O, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilovun tədbirdə iştirakını və dəstəyini xüsusi qeyd edib.
Edqar Abdullayev vurğulayıb ki, ortaq vizyon, güclü institusional əməkdaşlıq və FinTech şirkətləri arasında daha sıx inteqrasiya Türk dünyasının qlobal FinTech xəritəsində daha güclü mövqeyə çıxmasına imkan yarada bilər.

