Azərbaycan Hindistanın nüfuzlu “Hinduja Group” şirkətlər qrupuna daxil olan “Gulf Oil International” və “Ashok Leyland” şirkətləri ilə sənaye, nəqliyyat və enerji sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
GDP xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Gulf Oil International” şirkətinin sədri Sanjay Hinduja və “Ashok Leyland” şirkətinin sədri Dhiraj Hinduja ilə videokonfrans formatında görüş keçirib.
Görüş zamanı Azərbaycanda nəqliyyat vasitələrinin yerli istehsalının təşkili, texnologiya transferi, birgə investisiya layihələrinin həyata keçirilməsi və sənaye sahəsində tərəfdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Müzakirələrdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, mövcud sənaye potensialı, inkişaf etmiş nəqliyyat və enerji infrastrukturu, eləcə də regional bazarlara çıxış imkanları diqqətə çatdırılıb.
Tərəflər xüsusilə kommersiya nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 1914-cü ildə yaradılan “Hinduja Group” dünyanın 38 ölkəsində fəaliyyət göstərən, 100-ə yaxın ölkədə biznes əməliyyatları həyata keçirən beynəlxalq şirkətlər qrupudur. Qrupun 250 mindən çox əməkdaşı var.
“Hinduja Group”un fəaliyyət istiqamətlərinə avtomobil sənayesi, sürtkü materialları və xüsusi kimyəvi maddələrin istehsalı, bank və maliyyə xidmətləri, rəqəmsal texnologiyalar, enerji, daşınmaz əmlak və səhiyyə daxildir.
Qrupun əsas şirkətlərindən olan “Ashok Leyland” kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşıb. “Gulf Oil International” isə sürtkü materialları sahəsində fəaliyyət göstərir.

