Maliyyə Nazirliyi dövlət müəssisələrinin maliyyə fəaliyyətinə nəzarəti gücləndirir. Hazırda 35 dövlət müəssisəsinin 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərinin təhlili aparılır.
GDP xəbər verir ki, bu barədə noyabrın 13-də maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, cari ilin birinci rübündə 10, ikinci rübündə isə 22 dövlət müəssisəsinin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb.
İclasda dövlət müəssisələrinin maliyyə fəaliyyətinin monitorinqi və təhlili məqsədilə Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin fəaliyyətinin təşkil edildiyi, həmçinin Dövlət Müəssisələrinin Rəqəmsal Monitorinqi informasiya sisteminin istifadəyə verildiyi qeyd olunub.
Məlumata görə, hazırda 40-a yaxın dövlət müəssisəsinin müşahidə və himayəçilik şuralarında Maliyyə Nazirliyinin nümayəndələri təmsil olunur.
Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun dövlət müəssisələrinin monitorinqi sahəsində aparılan islahatları müsbət qiymətləndirdiyi bildirilib.
Maliyyə naziri dövlət müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması, maliyyə dayanıqlığının gücləndirilməsi və fiskal risklərin effektiv idarə olunması istiqamətində tədbirlərin davam etdirilməsi barədə tapşırıqlar verib.

