Banklar kibertəhdidlərə qarşı mübarizədə süni intellekt və avtonom agentlərin imkanlarından istifadə etməlidir.
GDP xəbər verir ki, bunu ABB-nin baş informasiya inzibatçısı Nihat Şenyuva “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq və texnologiyalar” mövzusunda X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, rəqəmsal mühitdə təhdidlərin xarakteri dəyişir. Hücumlarda insanların idarə etdiyi agentlərlə yanaşı, digər agentlərin istifadə etdiyi agentlər də iştirak edir. Bu isə bankların müdafiə mexanizmlərinin yenilənməsini zəruri edir.
“Təhdid mənbəyinin agentlər və botlar olduğu dünyada ənənəvi üsullarla davam edərək özümüzü qoruya bilməyəcəyimiz aydındır. Süni intellekt və agent dəstəkli təhlükəsizlik əməliyyatları qurmaq lazımdır”, – deyə N.Şenyuva vurğulayıb.
ABB rəsmisi bildirib ki, müxtəlif mənbələrdən daxil olan təhdidlərin həcmi kəskin artıb. Buna görə təhlükəsizlik investisiyaları müştərinin mobil cihazından başlayaraq bankın bütün texnoloji infrastrukturunu əhatə etməlidir.
O qeyd edib ki, sistemdə texniki anomaliya və ya xarici təhdid aşkarlandıqda müdafiə agentləri operativ və uyğun cavab verə bilməlidir. Hücum baş verdiyi halda isə təhlükənin sürətlə müəyyənləşdirilməsi, təcrid olunması və təsir dairəsinin məhdudlaşdırılması əsas prioritetlərdəndir.

