“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC komandasına yeni təyinat həyata keçirib.
GDP-nin məlumatına görə, Tuncay Türbəndəzadə şirkətin Korporativ kommunikasiyalar üzrə baş mütəxəssisi vəzifəsinə təyin olunub.
O, bundan əvvəl “Report” İnformasiya Agentliyində iqtisadiyyat və biznes istiqaməti üzrə müxbir kimi çalışıb. Fəaliyyəti müddətində maliyyə-bank sektoru, kapital bazarı, investisiyalar, turizm və digər iqtisadi sahələr üzrə xəbərlər, müsahibələr və analitik materialların hazırlanmasında iştirak edib.
T.Türbəndəzadə həm yerli, həm də beynəlxalq iqtisadi və biznes tədbirlərini işıqlandırıb.
O, Kiyev İqtisad və Hüquq Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr məzunudur. 2025-ci ildə isə Medianın İnkişafı Agentliyi (MEDİA) və “Euronews Academy”nin birgə həyata keçirdiyi “Rəqəmsal jurnalistika” proqramını tamamlayıb.

