Fintex nəhəngi Revolut Avropada avroya fiksə edilmiş yeni EURR steyblkoininin mərhələli istifadəyə verilməsinə başlayıb.
GDP xəbər verir ki, yeni rəqəmsal aktiv Avropa İttifaqının kriptoaktivlər üzrə MiCA tənzimləmə qaydalarına uyğun şəkildə hazırlanıb.
İlkin mərhələdə EURR Polşa, Danimarka və Portuqaliyada seçilmiş müştərilər üçün əlçatan olacaq. Daha sonra tokenin Avropa İqtisadi Məkanının digər ölkələrində də istifadəyə verilməsi planlaşdırılır.
EURR-in emitenti Bridge Building şirkətidir və tokeni təmin edən ehtiyatların idarə olunmasına da emitent cavabdehdir. Steyblkoin ilkin olaraq Ethereum şəbəkəsində fəaliyyət göstərəcək. Gələcəkdə digər blokçeynlərin və xarici kriptovalyuta cüzdanlarının dəstəklənməsi də nəzərdə tutulur.
Yeni məhsul Revolut-un Avropa kriptovalyuta bazarındakı strategiyasının davamı hesab olunur. Şirkət daha əvvəl MiCA tələbləri ilə bağlı Avropadakı müştəriləri üçün USDT dəstəyindən imtina etmişdi. EURR-in istifadəyə verilməsi Revolut-a tənzimlənən və avroya bağlı alternativ təqdim etməyə imkan verir.
Şirkətin EURR-i yalnız steyblkoin kimi deyil, öz ekosistemi daxilində ödənişlər və kriptoaktivlərlə əməliyyatlar üçün istifadə edilə biləcək alətə çevirməsi gözlənilir.
Bu addım eyni zamanda Avropa steyblkoin bazarında tənzimləmənin rolunun artdığını göstərir. MiCA rejiminin tətbiqi ilə Avropa bazarında fəaliyyət göstərən steyblkoin emitentləri və platformalar üçün normativ tələblərə uyğunluq getdikcə daha mühüm amilə çevrilir.

