Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 saylı Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbulu 6 oktyabr 2026-cı il tarixindən müvəqqəti dayandırılır.
GDP xəbər verir ki, məlumata görə, bu mexanizm çərçivəsində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib. İndiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Son dövrlər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq istəyən vətəndaşların sayında nəzərəçarpacaq artım müşahidə olunur. “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən hər gün 100-dən artıq müraciət qeydə alınır. Nəticədə, elektron sistemdə qeydiyyata alınmış və görüş vaxtı təyin edilmiş müraciətlərin sayı mənzil fondunda seçim üçün mövcud olan yaşayış sahələrinin sayını dəfələrlə üstələyir.
Müraciətlərin daha operativ qəbulu, daha şəffaf emalı və qiymətləndirilməsi, ərizəçilərə təyin olunan günlərdə seçim imkanının yaradılması, eləcə də elektron sistemin funksionallığının artırılması məqsədilə müraciətlərin qəbulu müvəqqəti dayandırılıb. Müraciətlərin qəbulunun bərpa edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd olunur ki, müraciətlərin müvəqqəti dayandırılması həmin tarixədək elektron sistemdə qeydiyyata alınmış müraciətlərə, onların növbəliliyinə və bu müraciətlər üzrə həyata keçirilən prosedurlara təsir etməyəcək. Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq üçün indiyədək müraciət etmiş 12 mindən artıq vətəndaşın şəxsi kabinetinə görüş günü barədə bildirişlər göndərilib. Həmin şəxslər bildirişdə göstərilən tarixdə 2 saylı ASAN Kommunal və ya Sumqayıt ASAN Xidmət mərkəzlərinə yaxınlaşıb müraciətlərini rəsmiləşdirə biləcəklər.
Vətəndaşlara yaranmış müvəqqəti narahatlığı anlayışla qarşılayacaqları üçün əvvəlcədən təşəkkür edilir.

