SOCAR ABŞ-ın “Comstock Resources, Inc.” şirkəti ilə strateji tərəfdaşlığın qurulması istiqamətində Niyyət Məktubu imzalayıb. Razılaşma çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin ABŞ-dakı iri qaz aktivlərində pay əldə etməsi nəzərdə tutulur.
GDP xəbər verir ki,sənədə əsasən, SOCAR “Comstock”un “Legacy Haynesville” upstream aktivlərində 20%, “Western Haynesville” upstream aktivlərində isə 15% iştirak payı əldə edəcək. Bundan başqa, SOCAR “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus 73 faizlik payın 15%-ni alacaq.
“Western Haynesville” aktivləri üzrə xüsusi mexanizm də nəzərdə tutulub. SOCAR-ın 15 faizlik iştirak payı həmin aktivlərə yatırılan investisiyalar üzrə 15% gəlirlilik əldə edildikdən sonra müəyyən şərtlərlə 7,5%-ə endirilə bilər.
Əməliyyatın ümumi dəyəri standart alış qiyməti düzəlişləri nəzərə alınmaqla 1,65 milyard ABŞ dolları təşkil edir. Sövdələşmənin maliyyələşdirilməsi ilə bağlı müvafiq tədbirlərin SOCAR tərəfindən həyata keçirilməsi planlaşdırılır.
Tərəflər yekun alqı-satqı müqaviləsini 31 oktyabr 2026-cı ilədək razılaşdıraraq imzalamağı, zəruri dövlət və üçüncü tərəf təsdiqləri alındıqdan sonra isə əməliyyatı 31 dekabr 2026-cı ilədək tamamlamağı hədəfləyirlər.
Strateji tərəfdaşlıq bununla məhdudlaşmayacaq. SOCAR-ın “Comstock” tərəfindən “Legacy Haynesville” və “Western Haynesville” ərazilərində gələcəkdə yaradılacaq yeni layihə və imkanlarda öz iştirak payına uyğun şəkildə yer alması planlaşdırılır. Şirkətlər, həmçinin “Comstock”un hasil etdiyi təbii qazın beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
SOCAR prezidenti Rövşən Nəcəf bildirib ki, tərəfdaşlıq iki şirkətin təcrübə və imkanlarını birləşdirərək uzunmüddətli strateji əməkdaşlıq üçün möhkəm zəmin yaradacaq. O, “Haynesville” və “Western Haynesville” yataqlarının işlənməsi üzrə böyük təcrübəyə malik komanda ilə birgə investisiya yatırılmasının SOCAR üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Comstock Resources”un İdarə Heyətinin sədri və baş icraçı direktoru M. Cey Allison isə SOCAR-la əməkdaşlığın şirkətin borc yükünün əhəmiyyətli dərəcədə azaldılmasına, “Western Haynesville” layihəsinin planlaşdırılan işlənməsinin tam maliyyələşdirilməsinə və investorlar üçün əlavə dəyər yaradılmasına imkan verəcəyini bildirib.
Razılaşmadan sonra da “Comstock” bütün upstream aktivlərinin operatoru olaraq qalacaq, “Pinnacle Gas Services LLC”nin idarə edilməsini və əməliyyat nəzarətini davam etdirəcək. Gələcək işlənmə proqramlarında, həmçinin yeni icarə və satınalma layihələrində SOCAR-ın proporsional iştirakı ayrıca müqavilələrlə tənzimlənəcək.

