Azərbaycan hökuməti bu il ictimaiyyətə, biznes nümayəndələrinə ətraf mühit, sosial və idarəetmə məsuliyyəti (ESG) üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışır.
Bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev Bakıda keçirilən “ESG sammiti: Davamlı inkişaf üçün dövlət-özəl tərəfdaşlığı” mövzusunda tədbirdə bildirib.
O qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ESG elementlərinin tətbiqi çox önəmlidir: “Biz çalışırıq ki, ESG üzrə bütün tərəflərin aktiv iştirakı üçün şərait yaradaq. ESG elementlərinin təşviqi baxımından biznes mühitinin yaxşılaşdırılması əsas prioritet hədəflərinin tərkib hissəsini təşkil edir”.