Azərbaycanda fintexlərin inkişafı və banklardan asılılığının azaldılması üçün onların ödəniş sistemlərinə birbaşa çıxış imkanlarının genişləndirilməsi vacibdir.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəisi Xəyaləddin Tağıyev Azərbaycanda fintexlər və bank sistemi ilə bağlı ARDL modeli əsasında aparılmış araşdırmanın nəticələrini paylaşarkən bildirib.
Araşdırmanın nəticələrinə əsasən, bankların əməliyyat effektivliyinin yüksəlməsi qeyri-faiz, yəni alternativ gəlirlərin artmasına müsbət təsir göstərir. Mənfəətlilik göstəricilərinin təhlili isə gəlirli bankların hələ də əsasən faiz gəlirlərinə arxalandığını göstərir.
Tağıyevin paylaşdığı nəticələrə görə, rəqəmsallaşma ilkin mərhələdə bankların gəlirlərinin diversifikasiyasına kömək etsə də, zaman keçdikcə artan rəqabət və xərclər səbəbindən bu təsir zəifləyir.
Mərkəzi Bank rəsmisi fintexlərin inkişafının sürətləndirilməsi və onların banklardan asılılığının azaldılması üçün bir sıra istiqamətləri də diqqətə çatdırıb.
Onun fikrincə, ilk növbədə fintexlərin bank vasitəçisi olmadan ödəniş sistemlərinə qoşulmasına imkan verən birbaşa çıxış mexanizmləri dəstəklənməlidir.
Digər mühüm istiqamət açıq bankçılığın inkişafıdır. Bu çərçivədə vahid API standartlarının tətbiqi və inteqrasiya xərclərinin azaldılması vacib hesab olunur.
Tağıyev, həmçinin fintexlərin miqyasına uyğun çevik prudensial tələblərin tətbiq edilməli olduğunu bildirib.
Bununla yanaşı, fintexlərin fəaliyyətinin yalnız ödəniş xidmətləri ilə məhdudlaşmaması, BNPL (“indi al, sonra ödə”) və mikromaliyyə kimi müstəqil xidmətlərin də genişləndirilməsi təklif olunur.
Müəllif:Aynur Qəniyeva

