Azərbaycanda Mərkəzi Bankın müvafiq lisenziyası ilə fəaliyyət göstərən investisiya şirkətlərindən biri olan “Azfinance” bu gündən etibarən “CFI Financial” İnvestisiya Şirkəti adı altında fəaliyyətini davam etdirəcək.
GDP xəbər verir ki, şirkətin rəhbəri Pərvanə Qasımova bildirib ki, Azərbaycanda ilk xarici kapitallı və xarici təcrübəli investisiya şirkəti kimi fəaliyyət göstərəcəklər.
“Müştəri məmnuniyyəti, maliyyə savadlılığının artırılması və müştərilərin qazanc əldə etməsinə dəstək olmaq həmişə bizim əsas prinsipimiz olub. Azərbaycan xalqını istehlakçı düşüncəsindən investor düşüncəsinə gətirmək ən davamlı arzularımızdan biridir”, – deyə P.Qasımova qeyd edib.
O, şirkətin daha innovativ, korporativ və müasir istiqamətdə inkişaf edəcəyini də vurğulayıb.
Qeyd edək ki, dünyanın aparıcı onlayn ticarət brokeri – “CFI Financial Group” “Azfinance İnvestisiya Şirkəti” ASC-nin səhmlərini alaraq Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub. “Azfinance” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.55 milyon manatdır və qanuni təmsilçisi Pərvanə Qasımovadır.