Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) və Qazaxıstanın Qiymətli Kağızların Mərkəzi Depozitarı arasında depozitarlararası əməkdaşlığın qurulmasına dair mühüm saziş imzalanıb.
GDP xəbər verir ki, Saziş Almatıda keçirilən Ümumdünya Mərkəzi Depozitarlar Forumunun çərçivəsində hər iki qurumun idarə heyəti sədrinin iştirakı ilə rəsmiləşdirilib.
Yeni əməkdaşlıq çərçivəsində tərəflər qarşılıqlı hesablar açaraq, qiymətli kağızlar bazarına transsərhəd çıxışı daha da asanlaşdıracaq. Bu təşəbbüs həm Azərbaycan, həm də Qazaxıstan investorlarına qarşı tərəfin kapital bazarına birbaşa çıxış imkanı yaradacaq.
Depozitarlararası əlaqənin qurulması nəticəsində bazar iştirakçıları qiymətli kağızları mərkəzi depozitarların nominal saxlayıcı hesablarında saxlayaraq, hesablaşma əməliyyatlarını daha effektiv şəkildə həyata keçirə biləcəklər. Bu isə investisiya portfellərinin diversifikasiyasına və regionda maliyyə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək.
MDM-in məlumatına görə, bu addım qurumun 2024–2026-cı illəri əhatə edən İnkişaf Strategiyası çərçivəsində depozitarlararası əlaqələrin genişləndirilməsi məqsədilə atılıb. Tərəflər texniki prosedurlar tamamlandıqdan sonra infrastrukturun tam fəaliyyətə başlamasını planlaşdırır.