“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı araşdırmanın nəticələrinə görə, ölkə əhalisi mobil tətbiqlərdən əsasən rasional və praktik məqsədlərlə faydalanır.
GDP “Business Insight International Research Group”un araşdırmasına istinadən xəbər verir ki, respondentlərin böyük əksəriyyəti – 82% – mobil tətbiqlər vasitəsilə internet paketi almaq, 73% – balansı yoxlamaq, 42% isə balansı artırmaq funksiyalarından mütəmadi istifadə etdiyini bildirib.
Araşdırma həmçinin müəyyən narazılıqları da üzə çıxarıb. Belə ki, istifadəçilərin 82%-i mobil tətbiqlərdən istifadə zamanı heç bir problemlə qarşılaşmadığını qeyd etsə də, 18%-i müxtəlif çətinliklərin mövcud olduğunu bildirib.
Bu problemlər arasında texniki xətalar, proqramın gec açılması, sistemin səhv verməsi, tətbiqin donması və ya yavaş işləməsi, eləcə də balans və məlumatların səhv göstərilməsi kimi hallar xüsusi olaraq qeyd olunub.