Bakı Fond Birjasının (BFB) rəhbərliyi Azərbaycan Kapital Bazarı Assosiasiyası (AKBA), ABB Invest İnvestisiya Şirkəti və Pakistan-Azərbaycan Ticarət Palatasının nümayəndələrindən ibarət nümayəndə heyəti 10-14 noyabr tarixlərində Pakistanda rəsmi səfərdə olub.
GDP xəbər verir ki, nümayəndə heyəti Kəraçidə “Kapital Bazarında Regional İnteqrasiya və İnnovasiya: Əməkdaşlığın Yeni Dövrü” mövzusunda keçirilən Beynəlxalq Kapital Bazarı Konfransı və Sərgisində iştirak edib.
Bakı Fond Birjasının Baş İcraçı Direktoru Rüslən Xəlilov “Kapital Bazarı və Regional Əməkdaşlıq İmkanları” adlı panel müzakirəsində çıxış edərək, harmonizə olunmuş tənzimləmə, kiçik investorların iştirakı və fintex texnologiyalarının rolu kimi aktuial mövzulara toxunub.
Səfər çərçivəsində Pakistan Fond Birjası (PSX), MUFAP, CDC, Al Meezan Investment Management Limited, Arif Habib Limited və NCCPL kimi qurumlarla regional əməkdaşlığın genişləndirilməsi, rəqəmsal investisiya platformaları və institusional investorlarla işbirliyi məsələləri müzakirə edilib.
Nümayəndə heyətinin səfəri Azərbaycan ilə Pakistan arasında kapital bazarı sahəsində ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyır.








