Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xəzinədarlıq orqanları 147 mindən çox ödəniş tapşırığı icra edib.
GDP bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2 ayda icmal büdcənin gəlirləri 7 milyard 558,3 milyon manat, xərcləri 5 milyard 338,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 % az, proqnozdan 0,9 % çox), xərcləri 4 milyard 643,1 milyon manat (1 il əvvələ nisbətən 13,5 %, proqnozdan 3,3 % az) təşkil edib.
Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 3 milyard 2 milyon manat (illik müqayisədə 3,9 % az, proqnozdan 2,7 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983,1 milyon manat (1 il əvvələ nisbətən 3,5 % az, proqnozdan 0,3 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9,8 milyon manat (proqnozdan 10,2 % çox), sair daxilolmalar 63,4 milyon manat (proqnozdan 32,9 % çox), Dövlət Neft Fondundan transfert 2 milyard 140 milyon manat (proqnoza qarşı 100 %), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 113,2 milyon manat (proqnozdan 26,5 % az) təşkil edib.

