Goldman Sachs investisiya bankı mövcud neft böhranını “dünya neft bazarlarında tarixin ən böyük təklif şoku” adlandırıb.
GDP xəbər verir ki, bankın analitikləri, İranda müharibə sabah bitsə belə, enerji bazarlarının normal vəziyyətə qayıtması üçün ən azı dörd ay vaxt lazım olacağını bildiriblər.
Goldman Sachs-ın qiymətləndirməsinə görə, neftin qiyməti 2008-ci ildə qeydə alınmış 147 dollarlıq tarixi rekord həddi üstələyə bilər.
Bazar günü bank Brent markalı neft üzrə aprel ayı proqnozunu 85 dollardan 115 dollara yüksəldib. Həmçinin cari il və 2027-ci il üçün proqnozlar da yuxarıya doğru tənzimlənib.
Bununla yanaşı, Goldman Sachs ABŞ-da 12 aylıq dövr ərzində resessiya ehtimalını əvvəlki 25 faizdən 30 faizədə artırıb.
Qeyd edək ki, bankın proqnozu ABŞ prezidenti Donald Trampın sonradan İran rəsmiləri tərəfindən təkzib edilən 5 günlük “atəşkəs” barədə açıqlamasından əvvəl verilib.
Analitiklər geosiyasi gərginliyin təklif zəncirində yaratdığı pozğunluqların qlobal enerji bazarında uzunmüddətli təsirlər yaradacağını vurğulayırlar.


