Bu gün ABB-nin Dayanıqlılıq Hesabatına dair mətbuat konfransında bankın İdarə Heyətinin sədri Abbas İbrahimov törəmə bankların fəaliyyəti və gəlirləri ilə bağlı açıqlamalar verib.
İbrahimov bildirib ki, ABB-nin Rusiyada törəmə bankı fəaliyyət göstərir və illər ərzində orada zəngin törəmə idarə edilməsi təcrübəsi toplanıb. Onun sözlərinə görə, Rusiyadakı bank butik, kiçik və universal olmayan bir bankdır, pərakəndə satışı yoxdur. Bankın əsas məqsədi diasporaya xidmət etmək, Azərbaycan-Rusiya ticarət dövriyyələrinin tənzimlənməsində iştirak etmək və fiziki şəxslərin pul köçürmələrində fəal rol oynamaqdır.
“Bankımız təqribən 50 milyon dolara yaxın pul qazanmışdı ötən il”, – deyə Abbas İbrahimov vurğulayıb.
O, həmçinin qeyd edib ki, Gürcüstan bazarından illər öncə çıxılıb, hazırda orada yalnız qalıq problemli kreditlərin idarə edilməsi üçün kiçik qurum fəaliyyət göstərir. Özbəkistan bazarından isə maliyyə qurumu kimi çıxış prosesi artıq başlayıb.
Bank rəhbəri açıqlayıb ki, bu ilin birinci rübündə “digər gəlirlər”in böyük hissəsini törəmələrdən əldə edilən dividendlər təşkil edir: “O cümlədən Moskva bankımızdan, Rusiya bankımızdan, həmçinin Azerkart (prosessor mərkəzi 100% ABB-yə məxsusdur) və ABB İnvestdan əldə etdiyimiz dividendlər ana bankın səhmdarlarına əlavə gəlir imkanları yaradır”.
Abbas İbrahimov konsolidə olunmuş maliyyə hesabatına da toxunub: “Bizim konsolidə olunmuş hesabatımızda 404 milyon xalis mənfəət əldə etmişik. Təkcə ana bankda isə 336 milyon mənfəət əldə edilmişdi. Törəmələrdən əlavə dəyərlər əldə edə bildiyimiz üçün konsolidə olunmuş hesabatımızdakı gəlir ana bankın mənfəətindən daha çoxdur”.
O, həmçinin əlavə edib ki, Özbəkistanda da yaxşı gəlirlər əldə edilməsi gözlənilir və bu da səhmdarlara daha böyük dəyərlər yaradacaq.
Müəllif:Aynur Qəniyeva

