Azərbaycanda avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə əlaqədar Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişikliklər edilib.
GDP xəbər verir ki, dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində həyata keçirilib.
Yeni hüquqi tənzimləmənin əsas məqsədi nəqliyyat sektorunda avtonom gəmilərdən istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, sahəvi normativ aktların uyğunlaşdırılması, dövlət xidmətlərinin səmərəliliyinin artırılması, həmçinin zəruri hüquqi, texnoloji və institusional bazanın yaradılmasıdır.
Qanuna “avtonom gəmi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi yeni anlayışlar daxil edilib. Bununla yanaşı, idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri, avtomatlaşdırılmış idarəetmə sistemi, avtonom gəmi operatoru və məsafədən idarəetmə mərkəzinə dair tələblər müəyyənləşdirilib.
Dəyişikliklərdə operatorun və gəmi mülkiyyətçisinin vəzifələri də öz əksini tapıb.
Qanuna əsasən, avtonom gəminin istifadəsinə yalnız dövlət qeydiyyatına alındıqdan sonra və səlahiyyətli dövlət orqanının müəyyən etdiyi ərazidə icazə veriləcək.
Hüquqi və ya fiziki şəxslər müvafiq şəhadətnamə əldə etdikdən sonra avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemini təmin edən operator kimi fəaliyyət göstərə biləcəklər.
Operator istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etməli, təhlükə yarandıqda operativ müdaxilə göstərməli, gəminin istismarına dair məlumatların saxlanmasını və mühafizəsini təmin etməlidir.
Hadisə, qəza və ya insident baş verdikdə isə operator aidiyyəti dövlət orqanlarını dərhal məlumatlandırmalıdır.
Avtonom nəqliyyat vasitəsinin istismarı zamanı vurulan zərərə görə əsas məsuliyyəti nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya sahib qismində çıxış edən istismarçı daşıyacaq.
Zərərin avtomatlaşdırılmış idarəetmə sisteminin və ya nəqliyyat vasitəsinin istehsalçısının, texniki xidmət göstərən şəxsin, yaxud mülki hüquqi müqavilə əsasında cəlb olunmuş operatorun təqsiri nəticəsində yarandığı sübut edilərsə, mülkiyyətçi və ya istismarçı Mülki Məcəlləyə uyğun olaraq həmin şəxslərə qarşı reqres tələbi irəli sürə biləcək.
Zərərin əmək münasibətlərində olan operatorun təqsiri nəticəsində baş verdiyi müəyyənləşdirildikdə isə məsuliyyət Əmək Məcəlləsinin tələblərinə uyğun tənzimlənəcək.

