Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizmi çərçivəsində çəltik sahələrinin sığortalanması davam edir.
GDP xəbər verir ki,Aqrar Sığorta Fondunun məlumatına görə, fermerlər və təsərrüfat sahibləri avqustun 20-dək çəltik əkinlərini güzəştli şərtlərlə sığortalaya bilərlər.
Hazırda ölkədə 10-dan çox rayonda çəltik becərilir və ümumi əkin sahələrinin həcmi 5 min hektardan çoxdur. Çəltik istehsalı əsasən Mərkəzi Aran və Lənkəran-Astara iqtisadi rayonlarında cəmləşib. Mərkəzi Aran bölgəsində təxminən 2 900 hektar, Lənkəran-Astara bölgəsində 1 140 hektar, Salyan rayonunda isə 970 hektar sahədə çəltik əkilir.
Statistik göstəricilərə əsasən, ən böyük çəltik sahələri Ucar (1 275 hektar), Salyan (972 hektar), Ağdaş (718 hektar) və Lənkəran (662 hektar) rayonlarının payına düşür. Bundan başqa, Zərdabda 380 hektar, Göyçayda 372 hektar, Astarada 306 hektar, Masallıda 179 hektar, Yevlaxda isə 146 hektar sahədə çəltik becərilir.
Mütəxəssislərin fikrincə, xüsusi qulluq tələb edən çəltik sahələri müxtəlif təbii hadisələrə qarşı həssasdır. Dolu, güclü külək, qasırğa, sel və subasma halları, eləcə də digər risklər məhsuldarlığa ciddi təsir göstərə və fermerlərin gəlirlərinin azalmasına səbəb ola bilər.
Aqrar sığorta mexanizmi çərçivəsində çəltik sahələri dolu, fırtına, qasırğa, sel və subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən qorunur. Sığorta haqlarının 50 faizi dövlət tərəfindən subsidiya olunduğundan fermerlər daha əlverişli şərtlərlə bu xidmətdən yararlana bilirlər.
Məsələn, 1 000 manat dəyərində çəltik məhsulunun sığortalanması Ağdaş rayonunda fermerə təxminən 6 manata, Lənkəranda isə 5,7 manata başa gəlir. Orta məhsuldarlıq göstəriciləri nəzərə alınmaqla, bir hektar sahədən əldə edilən təxminən 10 min manatlıq məhsulun sığortası üçün fermerlər 55–60 manat ödəyirlər.
Aqrar Sığorta Fondu indiyədək çəltik əkinləri üzrə zərərçəkən təsərrüfatlara da ödənişlər həyata keçirib. Məlumata görə, 460 hektar çəltik sahəsinə dəyən zərərə görə ümumilikdə 112 min manat məbləğində sığorta ödənişi verilib.
Fond fermerləri mövcud imkanlardan istifadə etməyə, əkin sahələrini mümkün risklərdən qorumağa və avqustun 20-dək sığortalanmaq üçün müraciət etməyə çağırıb.
Aqrar sığorta xidmətləri, sığorta şərtləri və tariflər barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən və ya 1651 Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.

