Azərbaycan Banklar Assosiasiyası (ABA) son günlər ödəniş kartlarının sayı ilə bağlı ictimaiyyətdə yaranan suallara aydınlıq gətirib.
GDP xəbər verir ki, ABA tərəfindən qəbul edilmiş yanaşmaya əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur.
Əməkhaqqı, pensiya və digər sosial müavinətlərin alınması üçün nəzərdə tutulan ödəniş kartları, sahibkarlıq hesabına bağlı kartlar, eləcə də depozit hesablarına bağlı ödəniş kartları bu yanaşmadan istisnadır.
Bununla yanaşı, bir məhsul üzrə yalnız bir kartın verilməsi qəti məhdudiyyət hesab edilmir. Müştəri əlavə karta ehtiyacını banka ağlabatan şəkildə izah etdikdə, həyata keçirdiyi əməliyyatlar bankda onun barəsində mövcud məlumatlara uyğun olduqda və kartın qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandıqda həmin məhsul üzrə əlavə ödəniş kartlarının verilməsi mümkündür.
ABA bildirib ki, belə hallarda banklar müştərilərə bir məhsul üzrə əlavə ödəniş kartlarını sərbəst şəkildə təqdim edə bilərlər.
Assosiasiya vurğulayıb ki, yanaşmanın əsas məqsədi müştərilərin ehtiyaclarını məhdudlaşdırmaq deyil. Məqsəd risklərin daha effektiv idarə olunmasını təmin etmək, eyni zamanda təhlükəsiz, dayanıqlı və sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir.

