Azərbaycanda elektron köçürmələrin (ETR) hesabatlandırılması qaydasında dəyişiklik edilir.
GDP-yə Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, Maliyyə Monitorinqi Xidməti (MMX) tərəfindən tətbiq ediləcək yeni qayda 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.
Dəyişikliyə əsasən, hazırda tətbiq olunan bir təqvim ili ərzində 20 min manatlıq ümumi hədd ləğv ediləcək. Bunun əvəzinə elektron köçürmələrin hesabatlandırılması üçün daha konkret və çevik mexanizm tətbiq olunacaq.
Yeni yanaşmaya görə, bir elektron köçürmənin məbləği 20 min manat və ya daha çox olduqda həmin əməliyyat barədə məlumat MMX-yə təqdim ediləcək.
Bununla yanaşı, fiziki şəxsin ay ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 50 min manatdan artıq olduqda, həmin ay ərzində növbəti köçürmələr barədə də MMX-yə məlumat veriləcək.
Məsələn, şəxs bir ay ərzində 7 min, 5 min, 10 min, 18 min və 15 min manat məbləğində elektron köçürmələr həyata keçirərsə, əməliyyatların heç biri ayrılıqda 20 min manata çatmır. Lakin onların aylıq ümumi məbləği 55 min manat təşkil etdiyindən, yeni mexanizmə uyğun olaraq müvafiq məlumat MMX-yə təqdim edilir.
Bildirilib ki, dəyişikliyin əsas məqsədi maliyyə əməliyyatları barədə daha dolğun məlumat bazasının formalaşdırılması və maliyyə sistemində şəffaflığın gücləndirilməsidir.
Yeni mexanizm ayrı-ayrı iri məbləğli köçürmələrlə yanaşı, daha kiçik məbləğlərdən formalaşan əməliyyatların da müəyyən dövr üzrə ümumi həcminin sistemli şəkildə nəzərə alınmasına imkan verəcək.
Eyni zamanda vurğulanıb ki, elektron köçürmələr barədə məlumatların MMX-yə təqdim edilməsi vətəndaş üçün hər hansı mənfi nəticənin yaranması və ya əməliyyatın problemli hesab edilməsi anlamına gəlmir. Məqsəd məlumatların vahid monitorinq sistemində toplanması, risklərin vaxtında qiymətləndirilməsi, maliyyə sisteminin təhlükəsizliyinin və dayanıqlığının dəstəklənməsidir.
Qeyd olunub ki, bu cür mexanizmlər beynəlxalq maliyyə monitorinqi praktikasında da geniş istifadə edilir. Müəyyən hədlər üzrə ayrı-ayrı əməliyyatlarla yanaşı, əlaqəli və ya müəyyən dövr ərzində həyata keçirilən əməliyyatların ümumi həcminin nəzərə alınması da bu yanaşmanın tərkib hissəsidir.

