Kriptovalyuta şirkəti Ripple ABŞ-ın maliyyə bazarında fəaliyyətini genişləndirərək ənənəvi Uoll-Strit bankları ilə rəqabətə başlayıb.
GDP xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, şirkət kredit çiyinli birja investisiya fondlarına (ETF) svop maliyyələşdirilməsi xidmətləri göstərən mühüm iştirakçılardan birinə çevrilir.
Ripple bu bazara 1,25 milyard dollara satın aldığı Hidden Road broker şirkəti vasitəsilə daxil olub. Hazırda Ripple Prime adı altında fəaliyyət göstərən bölmə ETF təminatçılarına maliyyələşdirmə və klirinq xidmətləri təklif edir.
Şirkət, həmçinin Brevan Howard hedc fonduna broker, klirinq və maliyyələşdirmə xidmətləri göstərəcəyini açıqlayıb.
WSJ-nin məlumatına əsasən, ABŞ-da 593 kredit çiyinli ETF fəaliyyət göstərir. Bu fondların idarə etdiyi aktivlərin ümumi dəyəri 256 milyard dolları ötür.
Ripple-ın bu sahəyə daxil olması ənənəvi bankların uzun müddətdir üstün mövqedə olduğu maliyyə xidmətləri bazarında rəqabətin güclənməsinə şərait yaradır.

