Azərbaycanda “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icra səviyyəsi 2025-ci ildə 85,6% təşkil edib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, strategiyanın icra göstəricisi 2024-cü ildə 81,8% olub. Beləliklə, 2025-ci ildə icra səviyyəsi əvvəlki illə müqayisədə 3,8 faiz bəndi yüksəlib.
T.Kazımov bildirib ki, strategiya maliyyə sektorunun bütün əsas seqmentləri üzrə ölçülə bilən prioritetlər əsasında hazırlanıb və onun icrasına dair illik hesabatların dərc olunması nəzərdə tutulub.
Mərkəzi Bankın sədri qeyd edib ki, strategiyanın həyata keçirilməsi çərçivəsində faiz dərəcəsi kanalı vasitəsilə pul siyasətinin transmissiyasının təkmilləşdirilməsi, maliyyə sektorunun sabitliyinin gücləndirilməsi və ödəniş infrastrukturunun modernizasiyası istiqamətində islahatlar aparılır.
Bununla yanaşı, rəqəmsal maliyyə innovasiyalarının təşviqi və yaşıl taksonomiyanın tətbiqi də əsas istiqamətlər sırasındadır.
T.Kazımovun sözlərinə görə, strategiyanın nəticələrinin kənardan ölçülməsi və qiymətləndirilməsi onun effektiv icrası baxımından mühüm əhəmiyyət daşıyır.

