“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) yaranmasının 15 illiyi münasibətilə media nümayəndələrinin iştirakı ilə Qusar rayonuna mediatur təşkil edilib.
GDP xəbər verir ki, tədbirdə İSB-nin rəhbərliyi və müxtəlif media qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər.
Mediatur çərçivəsində Büronun 15 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, inkişaf yolu və əsas fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib.
Tədbirin açılışında çıxış edən İSB-nin icraçı direktoru Vüsal Məsiyev Büronun fəaliyyətinin işıqlandırılmasında, icbari sığorta sahəsində ictimai məlumatlılığın artırılmasında və görülən işlərin ictimaiyyətə çatdırılmasında medianın mühüm rolunu vurğulayıb.
O bildirib ki, 29 noyabr 2011-ci ildə fəaliyyətə başlayan İSB ötən müddət ərzində Azərbaycanda icbari sığorta sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıb. Həyata keçirilən təşəbbüslər və tətbiq olunan yeniliklər icbari sığorta mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə də cəmiyyətdə sığorta mədəniyyətinin formalaşmasına töhfə verib.
İSB-nin icraçı direktorunun müavini Seymur Mirzəyev isə çıxışında sığorta sahəsində ictimai məlumatlılığın artırılmasında medianın əhəmiyyətinə toxunub. O qeyd edib ki, vətəndaşların icbari sığorta ilə bağlı hüquq və öhdəlikləri barədə məlumatlandırılması, onları maraqlandıran sualların cavablandırılması və sığorta mədəniyyətinin inkişafı baxımından media ilə əməkdaşlıq xüsusi önəm daşıyır.
Tədbir zamanı İSB-nin xarici tərəfdaşlarının yubiley münasibətilə ünvanladıqları təbrikləri əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra İSB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova Büronun 15 illik fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatda qurumun əsas fəaliyyət istiqamətləri, inkişaf mərhələləri, əldə etdiyi nailiyyətlər və gələcək fəaliyyət perspektivləri barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.















