Azərbaycanda startapların inkişafı və layihələrin real biznesə çevrilməsi üçün maliyyə savadlılığının artırılmasına ehtiyac var.
GDP xəbər verir ki, bunu “BMC International” şirkətinin təsisçisi Orxan Məmmədzadə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müxtəlif hakatonlarda münsiflər heyətinin üzvü kimi iştirakı zamanı startapların reallaşdırılması prosesində maliyyə savadlılığı ilə bağlı müəyyən çatışmazlıqlar müşahidə edib.
“Bir neçə hakatonda münsiflər heyətinin üzvü kimi iştirak etmişəm. Startapların təşkilində və reallaşdırılmasında müəyyən maliyyə savadlılığına ehtiyac olduğunu müşahidə etmişəm. Amma bu, o demək deyil ki, Azərbaycandakı startaplar fərqlənmir və ya onların reallaşdırılması mümkün deyil. Ölkəmizdə həqiqətən dəyərli startaplar var və biz real biznes sahibləri olaraq onların inkişafına töhfə vermək niyyətindəyik”, – deyə O.Məmmədzadə vurğulayıb.
Şirkət rəhbəri Azərbaycanda kriptotexnologiyaların inkişafı istiqamətində yeni əməkdaşlığa başlanıldığını da açıqlayıb.
O bildirib ki, “BMC International” şirkəti ilə “Klars” arasında innovativ kriptotexnologiyaların tanıdılması, təlimlərin təşkili və sertifikatlaşdırma sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
“Şirkətimizin fəaliyyəti üç əsas istiqaməti əhatə edir: təhsil, maliyyə konsaltinqi və audit, eləcə də biznesin idarə olunması. ‘Klars’ şirkəti ilə əməkdaşlıq çərçivəsində kriptotexnologiyaların tanıdılması, təlimlərin təşkili, sertifikatların verilməsi və innovativ həllərin inkişafı istiqamətində fəaliyyət göstərəcəyik. Bu məqsədlə ‘Klars’ın Azərbaycandakı nümayəndəliyini üzərimizə götürmüşük”, – deyə o qeyd edib.
O.Məmmədzadə kriptotexnologiyaların qanunvericiliklə tənzimlənməsi məsələsinə də münasibət bildirib.
Onun sözlərinə görə, müvafiq hüquqi tənzimləmə həyata keçiriləcəyi təqdirdə, şirkət bu sahədə ilkin təlimləri təşkil edən qurumlardan biri olmağı hədəfləyir.
Şirkət rəhbəri “T-Forum” çərçivəsində keçirilən görüşlərdən də danışıb.
O bildirib ki, dövlət və özəl sektorun iştirakı ilə təşkil olunan tədbirdə **30-dan çox ölkədən nümayəndələr, biznes sahibləri, investorlar və startaplar** iştirak ediblər.
Forum çərçivəsində B2B görüşlər, “Trade Export Innovation” istiqamətində sahibkarlar arasında müzakirələr və startaplar üçün “Demo Day” təşkil olunub.
“Orta Asiyada innovativ həllərin inkişafı və Azərbaycan üzərindən yeni biznes əlaqələrinin qurulması müzakirə edildi. Bir neçə memorandum imzalandı. Müxtəlif ölkələrdən real biznes təcrübəsinə malik spikerlər dəvət olundu. Düşünürəm ki, bu tədbir həm startapların inkişafı, həm innovativ həllərin tətbiqi, həm də Azərbaycana yeni texnologiyaların gətirilməsi baxımından mühüm başlanğıc oldu”, – deyə O.Məmmədzadə əlavə edib.

