Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə startapların regional bazarlara çıxışı baxımından əlverişli mövqeyə malikdir.
GDP xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov “Enterprise Azerbaijan” portalının “Demo Day” tədbirində bildirib.
Onun sözlərinə görə, Azərbaycan startaplar üçün yalnız daxili bazar deyil, daha geniş regional bazarlara çıxış imkanları təqdim edir.
Nazir müavini qeyd edib ki, ölkə Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Körfəz bazarlarını birləşdirərək nəqliyyat və rəqəmsal bağlantı mərkəzinə çevrilir.
A.Bayramov bildirib ki, sabit makroiqtisadi mühit, suveren kredit reytinqi, ardıcıl islahatlar və dövlətin innovasiya strategiyası investorlar üçün proqnozlaşdırıla bilən mühit yaradır.
O vurğulayıb ki, Azərbaycan bilik, texnologiya və innovasiyalara əsaslanan iqtisadiyyat istiqamətində irəliləyir və startaplar yeni iqtisadiyyatın güclənməsində mühüm rol oynayacaq.

