Dünya bazarında gümüşün qiyməti 200 günlük hərəkətli orta göstəricidən 30% aşağı səviyyədə ticarət olunur. Bu qədər böyük fərq sonuncu dəfə 2020-ci ilin martında, qlobal maliyyə bazarlarında kəskin çöküşün yaşandığı dövrdə müşahidə edilmişdi.
GDP xəbər verir ki,həmin dövrdə gümüşün qiymətində baş verən ciddi enişdən sonra bazarda güclü bərpa qeydə alınmışdı. Mövcud vəziyyət də qiymətli metalın həddindən artıq satış təzyiqi altında olduğunu göstərir.
Texniki təhlil baxımından gümüşün qiymətinin 200 günlük hərəkətli orta göstəricidən 30% aşağı düşməsi bazarda həddindən artıq satış vəziyyətinin yarandığına işarə edir. Bununla belə, ekspert yanaşmasına görə, bu göstərici özlüyündə qiymətlərin yaxın müddətdə yüksələcəyinə zəmanət vermir.
Belə ki, 200 günlük hərəkətli orta göstərici əvvəlki qiymətlər əsasında hesablandığından bazardakı dəyişikliklərə gec reaksiya verir. Gümüşün qiyməti artıq eniş istiqamətinə keçsə belə, indikator müəyyən müddət əvvəlki yüksəliş trendini əks etdirə bilər. Bu səbəbdən qiymətlə orta göstərici arasındakı kəskin fərq daha çox ucuzlaşmanın sürətini xarakterizə edir.
Gümüşün qiymət dinamikasına təsir göstərən əsas amillərdən biri də sənaye tələbatıdır. Metal günəş panellərinin istehsalında, elektronika sənayesində və müxtəlif sənaye sahələrində geniş istifadə olunur. Buna görə qlobal iqtisadi fəallığın zəifləməsi gümüşə tələbatın azalmasına və qiymətlərin uzun müddət aşağı səviyyədə qalmasına səbəb ola bilər.
Analitik baxımdan 2020-ci ilin təcrübəsi də diqqət çəkir. Həmin dövrdə gümüşün qiymətində güclü bərpa baş versə də, yüksəlişin əsas hərəkətverici qüvvəsi texniki göstəricilər deyil, mərkəzi bankların həyata keçirdiyi monetar stimullaşdırma tədbirləri olmuşdu.
Beləliklə, gümüşün hazırkı qiymət səviyyəsi potensial bərpa imkanlarını gündəmə gətirsə də, davamlı yüksəlişin formalaşması qlobal iqtisadi vəziyyətdən, sənaye tələbatından və mərkəzi bankların pul-kredit siyasətindən asılı olacaq.


